Azərbaycanın məşhur və titullu güləşçiləri gənclərlə görüşdülər
Azərbaycan Güləş Federasiyası Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə "Gənclik Mall" ticarət mərkəzində maraqlı tədbir keçirilib.
"Mediasport" xəbər verir ki, tədbirə Azərbaycanın tanınmış veteran və karyeralarını davam etdirən güləşçilər qatılıblar.
İkiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev, eləcə də yunan-Roma üzrə olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionu Həsrət Cəfərov, Avropa mükafatçısı və U-23 dünya çempionu Jalə Əliyevanın gənclərlə görüşü maraqlı alınıb.
İdmançılar həyat hekayələrindən, əldə etdikləri uğurlardan və idman karyeralarında yaşadıqları çətinliklərdən danışıb, gənclərə tövsiyələr veriblər.
Məşhurlar Azərbaycanda idmana verilən böyük dəstəyi xüsusi vurğulayaraq, idmanla məşğul olmağın önəmindən söz açıblar.
Sonda güləşlə əlaqəli maraqlı müzakirələr və təcrübə mübadiləsi aparılıb, iştirakçılarla sorğu-sual edilib.
Sual-cavab sessiyası və imza mərasimindən sonra müsabiqə keçirilib, qaliblərə və iştirakçılara hədiyyələr təqdim olunub.
