Azərbaycan Kubokunda yeni mövsüm: İlk raundun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, ilkin mərhələnin cütləri müəyyənləşib.
Yarış I təsnifatdan start götürəcək. Burada yalnız II Liqa təmsilçiləri mübarizə aparacaqlar.
1/8 final görüşləri bir oyundan ibarət olacaq. 1/4 finalda isə qarşılaşmalar ev-səfər prinsipi ilə keçiriləcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları oktyabrın 7-8-də keçiriləcək.
Oktyabrın 27-29-da II təsnifat mərhələsinin, dekabrın 1-2-də isə 1/8 finalın görüşləri baş tutacaq.
Növbəti il fevralın 2-3-də 1/4 finalın ilk, fevralın 9-11-də isə cavab oyunları oynanılacaq. Yarımfinalın ilk matçları martın 2-3-də, cavab görüşləri aprelin 21-22-də keçiriləcək.
Turnirin final oyunu isə mayın 12-də Gəncədə baş tutacaq.
Azərbaycan Kuboku. 1-ci təsnifat mərhələsi
“Marafon” – “Dinamo”
“Qaradağ Lökbatan” – “Şəki”
“Şirvan” – “Kür-Araz”
“Ağdaş” – “Haypers”
“Şəmkir” – “Ağstafa Gəncləri”
“Difai” – “Zəngəzur”

