AFFA və hakimlərə: "Məşqçi ilə mübarizə aparırlarsa, ayıbdır"

AFFA və hakimlərə: "Məşqçi ilə mübarizə aparırlarsa, ayıbdır"

"Komandamın daha çox hücumda olmasını istəyirəm. "Qarabağ"ı da vurğulamaq lazımdır. Səviyyə baxımından bizdən üstündürlər. Oturuşmuş heyəti və stabilliyi var".

"Mediasport" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis Azərbaycan Kubokunun yarımfinalının "Qarabağ"la cavab görüşü haqda danışıb, hakimlərdən şikayət edib:

- Bizim üçün ağır oyun alındı. Bizi nəyin gözlədiyini bilirdik. İki fərqli hissə oynadıq. İlk yarıda komanda şəklində oyunumuz alındı. İkinci hissədə "Qarabağ" üstünlüyü ələ aldı. Rəqibi təbrik edirəm. Çempionatdakı son matçlara köklənəcəyik.

Sanki müdafiəəyə daha tez çəkildiniz. Yoxsa sizi buna "Qarabağ" məcbur etdi?

- Bu tip matçların taleyini xırda nüanslar həll edir. Oyunu çevirə bilərdik. Bilirəm heç kim o epizodu görməyəcək. 25-ci dəqiqədəki epizod oyunun dəyişmə anı ola bilərdi. Nəsə hakim fərqli qərar verdi. Bizim baxdığımız epizod təmiz penaltidir. İkinci epizodu deyim. Hücuma çıxırıq, hücumumuzu saxlayıb bizim qapıya tərəf cərimə zərbəsi verir. Sonra deyir ki, səhv etdim. Ümid edirəm ki, "Araz-Naxçıvan"a qarşı bu səhvlər davamlı olmayacaq. İkili standart hiss olunur. Mənim komandama qarşı antipatiya var. Ümid edirəm ki, bizə qarşı da obyektiv olarlar.

İkili standartın səbəbini nədə görürsünüz?

- Onu düşünsəm, işdən uzaq qalaram. Rahat şəkildə futbolçularımıza 4-cü sarı vərəqəni verib cəzalı duruma salırlar.

Antipatiya Elmar Baxşıyevə qarşıdır, yoxsa "Araz-Naxçıvan"a qarşı?

- Məşqçi ilə mübarizə aparırlarsa, ayıbdır. Hücuma çıxan komandanın topuna rəqib əllə toxunur, hakim deyir ki, sürüşdü. Mən bunu qəbul etmirəm.