"Bəlkə də avrokuboklarda iştirak etməmək bizə fayda verəcək"

"Bəlkə də avrokuboklarda iştirak etməmək bizə fayda verəcək"

“Təəssüf ki, məğlub olduq. Belə nəticə istəmirdik. Əlbəttə, səhvlərimiz var idi, amma meydanda mübarizə aparan bir kollektiv gördüm".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (1:4) cavab oyunundan sonra keçirilən mətbuat konfransında matç haqda fikirlərini bildirib:

"Çatışmazlıqlarımız oldu. Rəqibi təbrik edirəm. Heç olmasa, Konfrans Liqasının əsas mərhələsinə yüksəlmək istəyirdik. Bundan sonra işimizə daha məsuliyyətlə yanaşmalıyıq. Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Azarkeşlər möhtəşəm ab-hava yaratdılar.”


Oyunda qırılma nöqtəsi hansı məqam oldu?

- Hücumda rotasiyalar edə bilmirdik. Çatışmazlıqlarımız var idi və belə bir komandaya qarşı hücumda daha sürətli olmalı idik. “Tvente” topla çox yaxşı davranır.

Avrokuboklardan kənarda qalmağın komandanın daha da birləşməsi baxımından faydalı olduğunu düşünürsünüz?

- Dəyişikliklərə başlayanda rəhbərliklə uzun söhbətimiz oldu. Hiss olunurdu ki, dəyişikliklər zəruridir. Bunu nəzərə alsaq, bəlkə də avrokuboklarda iştirak etməmək bizə fayda verəcək. Amma Avropa təcrübəsi də artıq olmazdı. Bu, futbolçular üçün əlavə məsuliyyət və əlavə təcrübə demək idi. Komandada dəyişikliklər etməyə çalışırıq və ümid edirəm ki, bu dəyişikliklər yaxşıya doğrudur. Futbol hər il inkişaf edir və komanda formalaşdırmaq, rəqiblərlə bərabər səviyyədə oynamaq üçün biz daha da inkişaf etməliyik.

Hamı bilir ki, sevimli rəqəminiz 13-dür. "Tvente" ilə başlanan avrokubok tarixiniz məhz 13 rəqəmi və "Tvente" ilə dayandı. Bunu taleyin acı ironiyası adlandırmaq olar?

- Mən elə şeylərə çox da inanmıram. Sadəcə, 13 rəqəmini özümüz seçmişik. Belə detallara diqqət yetirməyə dəyməz. Bəzən cahillikdən rəqəm seçirik (gülür).

Bruno Lanqanın əvəzlənməsinin səbəbi maraqlıdır.

- O, ikinci sarı vərəqəni ala bilərdi. Oyun gərginləşirdi və risk etməmək üçün onu meydandan çıxardıq. Dördüncü hakim mənə bir neçə dəfə xəbərdarlıq etmişdi ona görə.

Sizcə, bu mövsüm Premyer Liqada yenidən çempion ola biləcəksiniz?

- Çempionatda rəqabət artıb. “Sabah”, “Neftçi”, “Zirə” güclənib. “Turan Tovuz”u da qeyd etməliyəm, yaxşı heyət formalaşdırıblar. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, futbolçular optimal formaya çatacaqlar.

Azarkeşi olduğunuz “Barselona” Bakıda “Sabah”la oynayacaq...

- Stadionda olsam, “Sabah”a azarkeşlik edəcəyəm. Onlara uğurlar arzulayıram. Burada əlavə ediləsi çox şey yoxdur. “Barselona”ya digər oyunlarda azarkeşlik edəcəyəm.

Qələbənin memarı çox olur, amma məğlubiyyət yetim qalır. Bu məğlubiyyətə görə də bütün "oxlar" sizə yönəlib. Necə düşünürsünüz, transferlərdə gecikdiniz?

- 100 faiz gecikdik. Ümumi transfer işlərinə yanvar ayından başlamışdıq. Əldə etdiyimizi tez bir zamanda etdik. Əgər bu transferlər heç olmasa, 10 gün əvvəl həll olunsaydı, faydası ola bilərdi. Alınmadı... Heyətlə bağlı problemlərimiz də var idi, gözlənilməz zədələr baş verdi. Artıq itirəcək heç nəyimiz yoxdur. Görünür, bu gün bizə məğlubiyyət qismət idi. İndi əsas sual budur ki, buna necə reaksiya verəcəyik.