Cenk Sümer: "O, gənc nəslə örnək ola biləcək futbolçulardandır"

Cenk Sümer: "O, gənc nəslə örnək ola biləcək futbolçulardandır"

“23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək oyunçudur".

"Mediasport" xəbər verir ki, bu sözləri “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer deyib.

Paytaxt klubunun rəsmisi Emil Səfərovla müqavilə müddətinin uzadılmasına münasibət bildirib:

"O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək futbolçulardandır.

Birlikdə olduğumuz bu 2 il ərzində Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, formasına sədaqətinin, klubuna və vəfalı azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq.

Gələcəkdə həm “Neftçi”yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq, onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik. Emil isə bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!

Ona “Neftçi”də və Azərbaycan millisindəki karyerasında uğurlu, parlaq günlər arzulayırıq”.

Qeyd edək ki, "ağ-qaralar" 2024-cü ildən komandada çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi ilə yeni 2+1 illik müqavilə bağlayıblar.