"Bir dəfə atama dedim ki, mən də belə klublarda oynayacağam"
"Ötən mövsüm "Pafos"un oyunlarını yaxından izləyirdim və mənə çox xoş gəlirdi. Bu kluba transfer olmağımın karyeramda uğurlu bir addım olacağını düşündüm".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın U-21 milli komandasının üzvü Murad Məmmədov deyib.
"Neftçi"nin yetirməsi olan futbolçu Kipr təmsilçisi "Pafos"a keçidindən söz açıb:
"Bir dəfə evdə oturarkən atama dedim ki, vaxt gələcək, mən belə klublarda oynayacağam, sən də evdən mənim avrokuboklardakı oyunlarımı izləyəcəksən. Şükürlər olsun ki, artıq buradayam və çox xoşbəxtəm".
O, yeni komandasında "47" nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb:
"Futbol karyerama başlayanda ilk növbədə müdafiədə çıxış edirdim və "4" nömrə altında oynayırdım. Daha sonra komandaya yeni baş məşqçi gəldi və mən vinger mövqeyində, "7" nömrə ilə oynamağa başladım, həmçinin kapitanlıq etdim.
Əsas komandaya yüksələndə bu iki rəqəmi birləşdirib "47"ni seçmək qərarına gəldim. Uşaqlıq dövrümdən bəri yalnız 4 və 7 rəqəmləri altında oynamışam. Ümumiyyətlə, 7 mənim ən sevdiyim və uğur gətirən rəqəmdir".
Xatırladaq ki, 20 yaşlı Murad "Pafos"la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.


