Bu axşam planetin futbol bayramı - Dünya Kuboku start götürəcək
Bu gün dünyanın idman ictimaiyyətinin əsas diqqəti Amerika qitəsinə - futbolun ən möhtəşəm yarışı olan dünya çempionatına yönələcək.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə dördilliyin ən möhtəşəm futbol yarışı sayılan Dünya Kuboku turniri start götürəcək.
Planetin ən böyük idman hadisələrindən sayılan mundial Bakı vaxtilə saat 23:00-da Mexikoda meydan sahiblərindən Meksika millisinin Cənubi Afrika Respublikası yığmasına qarşı mübarizəsi ilə başlanacaq.
DÇ-2026 tarixə bir neçə rekord və yeniliklə düşəcək. Mundial ilk dəfə eyni anda üç ölkədə təşkil olunacaq.
23-cü dünya birinciliyində rekord sayda - tarixdə ilk dəfə 48 milli komanda çıxış edəcək.
İştirakçıların sayının artırılması turnirin formatına təsirsiz ötüşməyəcək. Belə ki, əvvəlki yarışlarda 64 oyun keçirilirdisə, bu dəfə azarkeşləri ümumilikdə 104 qarşılaşma gözləyir.
Beləliklə, futbolsevərlər əvvəlki mundiallarla müqayisədə daha çox oyun və daha çox həyəcan izləmək imkanı qazanacaqlar.
1930-cu ildə başlayan dünya çempionatları tarixində ilk dəfə bu qədər genişmiqyaslı turnir təşkil olunacaq.
Bir aydan çox davam edəcək dünya çempionatı iyulun 19-a qədər bir-birindən maraqlı qarşılaşmaları ilə izləyicilərin hüzuruna gələcək.
Bayramımız mübarək, dəyərli izləyicilər!
Mediasport.com.az


