"Bu düşüncə ilə yanaşsaq, səhv etmiş olarıq" - Siyasət Əsgərov

"Bu düşüncə ilə yanaşsaq, səhv etmiş olarıq" - Siyasət Əsgərov

“Fevralın 15-dən toplanış keçirik. Monteneqro ilə görüşə maksimum gücümüzlə hazırlaşırıq. Rəqibi çox yaxşı tanıyırıq".

"Mediasport" xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis yığmamızın fevralın 21-də Bakıda UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində Monteneqro millisinə qarşı keçiriləcək oyunla hazırlıqla bağlı fikirlərini bildirib:

"Hər iki komanda bərabər gücə malikdir. Əvvəlki seçmə mərhələlərdə onlarla bir neçə dəfə qarşılaşmışıq. Millətlər Liqası çərçivəsində üz-üzə gəldiyimiz son iki matçda Monteneqo üzərində qələbə qazanmışdıq. Ancaq bu düşüncə ilə yanaşsaq, səhv etmiş olarıq.

Çünki rəqib futbolçuların həm fərdi, həm də kollektiv keyfiyyətləri yüksəkdir. Bərabər gücə malik komandalar üz-üzə gələcək. Bu səbəbdən hesab edirəm ki, şanslar yarı-yarıyadır. Kim daha istəkli olacaq, az səhvə yol verəcəksə, o da qalib gələcək”.

O, heyətdə bəzi itkilərin olduğunu vurğulayıb:

“Təəssüf ki, itkilərimiz var. Aytac Şərifova klubunda zədələndiyi, Peritan Bozdağ isə Avropa çempionatının pley-off mərhələsində Portuqaliya ilə oyunda qırmızı vərəqə aldığı üçün dəvət edilməyib. Buna baxmayaraq, inanıram ki, heyətə cəlb olunan digər oyunçular bu boşluğu hiss etdirməyəcəklər”.

Siyasət Əsgərov ötən il Avropa çempionatının seçmə mərhələsində B Liqasında mübarizə aparmağın komandaya böyük təcrübə qazandırdığını söyləyib:

“Hər oyun bizə böyük təcrübə qazandırır. Bundan əvvəl B Liqasında çıxış etməyimiz komandamızın inkişafına təkan verdi. Çox güclü rəqiblərlə qarşılaşmışdıq. Məsələn, İsveçrə uzun müddət idi A Liqasında çıxış edirdi, yenidən ora qayıtdı. Macarıstan isə A Liqasına vəsiqə uğrunda pley-off oyunu keçirdi. Yəni A Liqası səviyyəsində olan komandalarla qarşılaşmışdıq. Bu da bizə çox şey verdi”.

Qeyd edək ki, Azərbaycan - Monteneqro oyunu sabah “Liv Bona Dea Arena”da keçiriləcək və saat 15:00-da başlanacaq.