"Onların klublarında daim oynamaları bizə çox önəmlidir"

"Onların klublarında daim oynamaları bizə çox önəmlidir"

“Belə toplanışlar bizim üçün çox önəmlidir. Beynəlxalq səviyyədə nə qədər çox oyun keçirsək, futbolçularımız bir-birilərini bir o qədər yaxşı anlayarlar. Sevindirici haldır ki, heyətə cəlb olunanlar öz klublarında müntəzəm oynayırlar".

"Mediasport" xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis Qazaxıstanda təşkil olunan təlim-məşq toplanışı ilə bağlı AFFA-nın mətbuat xidmətinə façıqlama verib. O, komandada ab-havanın yüksək olduğunu deyib:

"Milliyə Rusiya, Türkiyə, Qazaxıstan çempionatından gələnlər var. Onların klublarında daim oynamaları bizim üçün çox önəmlidir. Çünki belədə millinin düşərgəsinə tam hazır gəlirlər. Təəssüf ki, bəzi futbolçularımız zədə səbəbindən budəfəki toplanışda iştirak etmirlər. Ümid edirəm ki, onlar da tezliklə sağalacaq və qarşıdakı hazırlıqlara qoşulacaqlar”.

Siyasət Əsgərov Qazaxıstan yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşlərində uğurlu nəticə qazanmağa çalışacaqlarını vurğulayıb:

“Komandamız toplanışın sonluğunun yaxşı bitməsi üçün əlindən gələni edəcək. Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcəyik. Hər iki matçı yüksək səviyyədə keçirməyə çalışacağıq. Qarşıda bizi dünya çempionatının seçmə mərhələsi gözləyir. Məqsədimiz həmin oyunlara tam hazır olmaqdır”.

Qeyd edək ki, millimiz oktyabrın 24-də və 27-də Çimkənddə Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.