Azərbaycan güləşçiləri AÇ-lərdə indiyədək 71 qızıl medal qazanıb

Azərbaycan güləşçiləri AÇ-lərdə indiyədək 71 qızıl medal qazanıb

Azərbaycan güləşçilərinin müstəqillik dövründə böyüklər arasında Avropa çempionatlarında qazandığı qızıl medalların sayı 71-ə çatıb.

"Mediasport" xəbər verir ki, pəhləvanlarımız son olaraq ötən ay Slovakiyada keçirilən  qitə birinciliklərində 4 qızıl mükafata yiyələnib.

Ümumilikdə indiyədək Azərbaycan millisinin 40 güləşçisi çempionluq sevinci yaşayıb. Komandanın heyətində mütləq rekordçu 10 qələbə ilə Mariya Stadnikdir. Onu 4 titulla Hacı Əliyevlə Xetaq Qaztumov izləyir.

3 qat Avropa çempionları Namiq Abdullayev, Cəbrayıl Həsənov, Rafiq Hüseynov və Həsrət Cəfərov bu sıralamanı davam etdirir.

Daha 8 güləşçi qitənin ən nüfuzlu yarışında "dubl" edib. 25 güləşçimiz isə bir dəfə Avropa çempionluğunun sevincini yaşayıb.

Qeyd edək ki, 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunları həm də Avropa çempionatı statusunu daşıdığı üçün həmin yarışda qazanılan medallar da qitə birinciliyinin hesabına yazılıb.