EKSKLÜZİV! Emin İsraildə Super Liqa klubunun sponsoru oldu

EKSKLÜZİV! Emin İsraildə Super Liqa klubunun sponsoru oldu

Azərbaycanın turizm və daşınmaz əmlak sektorunda brend şirkətlərdən "Sea Breeze Resort & Residences" İsrailin "Makkabi" (Netanya) futbol klubu ilə sponsorluq müqaviləsi imzalayıb.

"Mediasport"a verilən məlumata görə, tərəflər arasında əməkdaşlıq bu ilin aprel ayında rəsmi müstəviyə keçib.

Anlaşmanın detalları və maliyyə tərəfi ilə bağlı dəqiq məlumat verilməsə də, iş adamı Emin Ağalarova məxsus kompaniyanın İsrail klubuna illik 1 milyon avro vəsait ödəyəcəyini dəqiqləşdirdik.

Müqavilənin azı 3 il qüvvədə olacağı aldığımız informasiyalardan biridir.

Şirkətin loqosu 2025/2026 mövsümünün sonlarından İsrailin Ligat HaAl (ivrit dilindən tərcümədə Super Liqa deməkdir-red.) adlandırılan elitasında çıxış edən "Makkabi"nin formalarında yer alır.

Qeyd edək ki, "Sea Breeze" 2006-cı ildən fəaliyyət göstərir və son illərdə beynəlxalq bazarlarda da aktiv tanıtım strategiyası həyata keçirir.

Maraqlıdır ki, şirkətin israillilərlə sponsorluq əməkdaşlığı klubun yeni investisiya mərhələsinə təsadüf edib.

"Makkabi" 2025-ci ilin mayından ABŞ-nin investisiya şirkətlərindən "Aliya Capital Partners"in idarəetməsinə verilib.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-nin Florida ştatının Mayami şəhərində yerləşən və israillilərin idarə etdiyi bu şirkətin baş analitiki azərbaycanlı maliyyəçi-mütəxəssis Ayxan Qazıbəylidir.

Şirkətin baş icraçı direktoru - yəhudi əsilli biznesmen Ross Kestin isə məhz "Makkabi"nin sahibidir.

5 qat İsrail çempionu olan "Makkabi" (Netanya) Super Liqada 2025/2026 mövsümünü 7-ci pillədə başa vurub.

Elitada son dəfə 43 il əvvəl çempion olmuş kollektiv uzaq 1970/71, 1973/74, 1977/78, 1979/80 və 1982/83-cü illərdə qızıl medalçı olub.