"Milyonlar sənin uğurlarını izləyirsə, dayanmağa haqqın yoxdur" - Həsrət Cəfərov

"III MDB Oyunlarının Azərbaycanda keçirilməsi çox böyük hadisədir. Bu, həmçinin Azərbaycanın gənc istedadları üçün ciddi fürsətdir".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov ölkəmizin III MDB Oyunlarına ev sahibliyi etməsi ilə bağlı Bakı Şəhər Halqasının mətbuat xidmətinə müsahibəsində deyib.
“Paris-2024” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Azərbaycanda keçiriləcək yarışda yerli idmançıların bu şansı dəyərləndirməli olduqlarını bildirib:
“Onlara böyük bir şərəf nəsib olub – ölkəmizi nüfuzlu beynəlxalq turnirdə, özü də doğma vətəndə təmsil edəcəklər. Gənclərimiz güclüdür. Onların məşqlərini izləyirəm və inanıram ki, yaxşı nəticələr göstərəcəklər. Azarkeşlərin dəstəyi böyük motivasiyadır. Mənim üçün bu heç vaxt təzyiq olmayıb. Əksinə, tribunaların dəstəyi mənə hər zaman güc verib. Oyunlara maksimum məsuliyyətlə yanaşsınlar. Hər bir yarış – böyük məsuliyyətdir. Biz Azərbaycanı təmsil edirik və Oyunlara çox az vaxt qalıb. Hazır olmaq lazımdır – həm fiziki, həm də mənəvi cəhətdən. III MDB Oyunlarında iştirak edəcək bütün azərbaycanlı idmançılara uğurlar arzulayıram. Bu, ölkəmiz üçün çox önəmli bir hadisədir. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək”.
H.Cəfərov I MDB Oyunlarındakı çıxışını və bayraqdar olmasını xatırlayıb:
“Bu, həm böyük məsuliyyət, həm də şərəf idi. İstəyirdim ki, mərasimə qızıl medalla çıxım – və bu, mümkün oldu. Çünki güləş yarışlarının ilk günü açılış mərasimdən öncə idi. Açılışda çempion kimi bayrağı daşımaq istəyirdim. Rəqabət çox yüksək idi, amma öhdəsindən gəldim. Bundan sonra çox medal qazandım, Parisdə Olimpiya bürüncünü aldım, üç dəfə Avropa çempionu oldum. Amma ən əsası, insan olaraq dəyişmədim. Ən böyük uğurum olimpiya medalı olsa da, dayanmıram. Hədəfim dünya çempionu olmaqdır. Sonra isə “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq istəyirəm”.
İdmançı özünü yarışlara motivasiya etməsindən də danışıb və güləşlə yeni məşğul olmağa başlayan gənclərə tövsiyələr verib:
“Məni nəticələr və güləşə olan sevgim motivasiya edir. Bu, sadəcə bir iş deyil, mənim həyat tərzimdir. Milyonlar sənin uğurlarını izləyirsə, dayanmağa haqqın yoxdur. Yeni başlayan güləşçilərə demək istərdim ki, ilk uğurlardan sonra arxayınlaşmaq olmaz. İdman daim əziyyət, zəhmət tələb edir. Öz üzərində işləmirsənsə, nəticə də olmayacaq. Xüsusilə böyüklər kateqoriyasına keçiddə bu daha da çətindir. Daim öz üzərində işləməlisən”.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhərində keçiriləcək.