Azərbaycan iki güləşçisi reytinq turnirində fəxri kürsüyə çıxdı
Azərbaycanın iki sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə reytinq turnirində fəxri kürsüyə yüksəlib.
"Mediasport"xəbər verir ki, 92 kq çəkidə yarışan Ali Tsokayev qızıl medal qazanıb.
O, amerikalı Dastin Plot (8:6), bəhreynli Maqomed Şaripov (2:0), türkiyəli Fatih Altunbaş (11:0) üzərində inamlı qələbələr əldə edib.
Finalda ukraynalı Muxammed Aliyev zədələndiyi üçün həlledici qarşılaşma baş tutmayıb və Ali karyerasında ilk dəfə reytinq turnirinin qalibi olub.
Xatırladaq ki, Ali bu il həm U23 yaş qrupunda, həm də böyüklər arasında Avropa çempionu olub.
Cəbrayıl Hacıyev (79 kq) isə qazaxıstanlı Şamsat Tahir (2:0) və gürcüstanlı Luka Çxitunidzeyə (5:3) qalib gələrək finala çıxsa da, həlledici dueldə monqolustanllı Suldxuu Olonbayara (0:5) uduzaraq gümüş mükafatla kifayətlənib.
Osman Nurmaqomedov (97 kq) 1/8 finalda polşalı Zbiqniev Baranovskiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.
Giorgi Meşvildişvili (125 kq) polşalı Robert Baranla (3:1) amerikalı Demetrius Toması (6:2) mübarizədən kənarlaşdırsa da, zədələndiyi üçün 1/4 final görüşünə çıxmayıb.
Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində ukraynalı Natalya Klivçutskaya 1:5 uduzub.
Təsəlliverici görüşdə qazaxıstanlı Aynur Aşimovaya tam üstünlüklə (11:0) qalib gələn həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada kanadalı Karla Qonzaleslə bacarmayıb - 0:5.



