Yeni müşavir: "Məqsəd “Kəpəz”i əvvəlki mövqelərə qaytarmaqdır"

Yeni müşavir: "Məqsəd “Kəpəz”i əvvəlki mövqelərə qaytarmaqdır"

“Öncə klub rəhbərliyinə göstərilən etimada görə minnətdarlığımı bildirmək istərdim. Gəncə mənim üçün doğma şəhərdir. Futbol ilə nəfəs alanlar üçün Gəncə dedikdə əvvəlcə “Kəpəz” yada düşür”.

"Mediasport" xəbər verir ki, bu fikirlər “Kəpəz”in İdarə Heyətinin yeni sədrinin idman məsələləri üzrə müşaviri Erkin İbrahimova məxsusdur.

Tanınmış futbol meneceri təyinatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, ölkəmizin ən tarixi, ən titullu klublarından birində çalışmağın qürurverici və məsuliyyətli olduğunu vurğulayıb:

“İnanıram ki, birlikdə tapşırılan missiyanın öhdəsində gələcəyik. Birlikdə dedikdə şəhər futbol ictimaiyyətini, o cümlədən çoxminli azarkeş ordusunu, “Kəpəz”ın uğurları üçün tər tökmüş veteranları da nəzərdə tuturam.

Kluba rəsmi təyinatımız “Kəpəz”in Premyer Liqada qalması ilə eyni günə təsadüf etdi. Məlum səbəblərdən son illər “Kəpəz” yüksək liqada qalmaq uğrunda mübarizə aparırdı. Şadam ki, klubda çalışanların, məşqçilər korpusu və oyunçuların əməyi hesabına “Kəpəz” növbəti mövsümdə də ölkəmizin ikinci şəhərini Premyer Liqada təmsil edəcək.

Futbol komanda oyunudur. Yeni idarəçilik komandasında təmsil olunanların hamısı Gəncəyə bağlı, futbolu sevən insanlardır. Əsas məqsədimiz “Kəpəz”i tədricən əvvəlki mövqelərə qaytarmaqdır. Təbii ki, bu, zaman tələb edir. Ümid edirəm ki, “Kəpəz” ailəsi vahid məqsəd uğrunda birləşərək, bu missiyada bizə dəstək verəcək”.

Qeyd edək ki, Gəncə klubunda yeni İdarə Heyətinin sədri Namiq Qədirov, sədrin idarəçilik məsələləri üzrə müşaviri Fərman Əlizadə, idman məsələləri üzrə müşaviri isə Erkin İbrahimov olacaq.