"İslandiyadan qələbə ilə qayıtmağa çalışacağıq" - Fernandu Santuş

"İslandiyadan qələbə ilə qayıtmağa çalışacağıq" - Fernandu Santuş

"Dörd komandalı qrupa düşmüşük. Bacardığımız qədər çox xal toplamaq istəyirik. İlk oyunumuzdur. İslandiyada Qələbə qazanmaq istəyirik. Buradan qələbə ilə qayıtmağa çalışacağıq".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş deyib.

Təcrübəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə oyunundan öncə keçirilən mətbuat konfransında görüşlə bağlı fikirlərini bölüşüb:

"Seçmə mərhələ oyunları çətin olur. Buraya yaxşı nəticə üçün gəlmişik. Rəqib öz meydanında uduzmaq istəməyəcək. Buradan xalla qayıtmağa çalışacağıq".

Portuqaliyalı çalışdırıcı İslandiya azarkeşlərinin milli komandaya dəstəyindən söz açıb:

"Rəqibimiz heç də zəif yığma deyil. Yerli publika komandaya kifayət qədər dəstək verir. Hazırkı heyətinə baxsaq, bütün oyunçuları ölkə xaricində çox güclü çempionatlarda çıxış edirlər. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik".

Santuş səfərdə keçiriləcək matça milli komandanın erkən yollanmasının səbəbini hava şəraiti ilə əlaqələndirib:

"Vaxtımız var. Oyuna tam hazır olmağa çalışacağıq. Yağışın bizə təsir edəcəyini düşünmürəm".

Kapitanlıq sarğısını Emin Mahmudovun daşıyacağını söyləyən baş məşqçi qələbə qazanmağa çalışacaqlarını vurğulayıb:

"Əsas danışmaq yox, bunu meydanda göstərməkdir. Hər bir futbolçumuz Azərbaycan xalqını sevindirmək istəyir. Son oyunda ağır məğlubiyyəti almışdıq. Amma keçmiş muzeydə qalır, onunla yaşamaq lazım deyil.

Gələcəyə baxmalıyıq. Biz yalnız tarix yazmaq istəyirik. Futbolçularım da bunu bilir. İstədiyimiz nəticələri əldə etmək üçün əlimizdən gələni edəcəyik. Mən möcüzəyə inanmıram. Çünki möcüzəni də insan gerçəkləşdirir.

Dörd komandalı qrupa düşmüşük. Bacardığımız qədər çox xal toplamaq istəyirik".

Xatırladaq ki, İslandiya - Azərbaycan görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.