Avropa Kuboku yarışı Gəncə İdman Sarayında keçiriləcək

Avropa Kuboku yarışı Gəncə İdman Sarayında keçiriləcək

Azərbaycan növbəti dəfə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.

"Mediasport" xəbər verir ki, ölkəmizdə 4-cü dəfə təşkil olunacaq yarış Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxildir.

Turnir 4–5 aprel tarixlərində Gəncə İdman Sarayında baş tutacaq.

Avropa Kuboku barədə danışan Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Azərbaycanın beynəlxalq cüdo yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malik olduğunu qeyd edib:

“Azərbaycan uzun illərdir nüfuzlu beynəlxalq cüdo turnirlərinə uğurla ev sahibliyi edir. Bu baxımdan ölkəmiz artıq etibarlı və peşəkar təşkilatçı kimi tanınır.

Cari ilin oktyabrında keçiriləcək böyüklər arasında dünya çempionatı ilə əlaqədar beynəlxalq cüdo ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönələcək.

Həmin mötəbər yarışdan əvvəl yeniyetmələr arasında Avropa Kubokunun Gəncədə təşkili xüsusi əhəmiyyət daşıyır. Artıq bu yarış üçün 13 ölkədən 210 idmançı qeydiyyatdan keçib.

Göygöl və Qubadan sonra turnirin Gəncədə keçirilməsi həm regionlarda cüdonun inkişafına əlavə təkan verir, həm də yeniyetmə idmançılarımızın yüksək səviyyəli beynəlxalq rəqabət mühitində mühüm təcrübə qazanmasına şərait yaradır.

Bu cür yarışların bölgələrdə təşkili cüdonun ölkə üzrə daha da kütləviləşməsinə və gələcək uğurlar üçün sağlam idman bazasının formalaşmasına xidmət edir”.

Qeyd edək ki, turnirdən sonra 6–8 aprel tarixlərində Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışı olacaq.