"Hazırlaşmaq üçün vaxtımız az oldu, seleksiya tamamlanmadı"

"Hazırlaşmaq üçün vaxtımız az oldu, seleksiya tamamlanmadı"

"Sabah bizi "Torpedo"ya qarşı olduqca önəmli oyun gözləyir. Qısa müddətdə hazırlığımızı tamamladıq. İstəyirik ki, sabah ən azından əlverişli nəticə əldə edib, səfər oyununa üstün yollanaq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin "Torpedo" ilə matçından öncə keçirilən mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Başa düşürük, qarşımızdakı rəqib təcrübəlidir. Xüsusilə də, 3-4 ildir avrokuboklarda çıxış edirlər. Bilirik ki, azarkeşlərin, futbolçuların, rəhbərliklərin kökləndikləri yarışlardan biri də avrokuboklardır. Bizim üçün də çox vacib oyun olacaq. Hazırlaşmaq üçün vaxtımız az oldu. Toplanış qısa oldu, seleksiyanı da tamamlaya bilmədik. Buna baxmayaraq, komandamız təcrübəlidir, xarakterli kollektivimiz var. Sabah sadaladığım keyfiyyətlərə çox ehtiyacımız olacaq. İnamlı oynamaq istəyirik. Qarşımızda təcrübəli və çox yaxşı komanda var".

Çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Kleyton sıradan çıxıb. Onun durumu nə yerdədir? Son illərdə "Zirə"də zədə kabusu var. Bu, futbolun ayrılmaz hissəsidir?

- Təbii ki, belədir. Digər komandalarda da, dünya futbolunda da bu hadisələri görürük. Sadəcə bizdə zədələr tez-tez və uzunmüddətli olur. Qismətimiz belədir. Çalışırıq ki, buna adaptasiya olaq. Çox çətindir. Hansısa həmlə etməyə vaxtımız çox az olur. Maykonu böyük ümidlərlə transfer etmişdik. Onunla söhbət etmişdim ki, bütün oyunlarda qapıda durmaq olmayacaq, bizdə Aydın kimi təcrübəli qapıçı var. Hər ikisinin şans alacağını bildirmişdim. Maykonun zədələnməsi bizi üzür. Amma Aydın kimi qapıçımız var.

Komandada gürcü oyunçular var. Onlarla "Torpedo" haqda danışmısız? Həmyerlilərinə qarşı oynamaq motivasiyadır?

- Demək olar ki, ciddi məsələləri müzakirə etməmişik. Şəhər, stadion, azarkeşlər barədə müzakirələr etmişik. "Torpedo"nun oyununda köməkçi məşqçilərimiz iştirak ediblər. Rəqibi tanıyırıq. "Omoniya" ilə də qarşılaşmışdılar. Bu il də bir çox oyunlarını izləmişik. Onların çempionatı davam edir. Volkov və Papunaşvilinin əlavə məlumat verməyinə ehtiyac yoxdur. Bunu qeyri-etik hesab edirəm. Onlar da gürcüdürlər, vətənləridir. Onları xüssi motivasiya etmirəm. Özüm onları adi oyuna olduğu kimi hazırlayıram. 

Demək olar ki, ilk dəfədir avrokuboklara bu cür çətin periodla hazırlaşdınız?

- Altıncı ildir "Zirə"dəyəm. Dördüncü dəfə avrokuboklarda oynayacağıq. Ən çətin period oldu. Finalda məğlub olduqdan sonra, sona iki tur qalanda avrokuboklara getmədiyimiz bəlli olanda, rəhbərliklə görüşümüz oldu. Komandada dəyişikliklər etmək, uzunmüddətli plan cızmaq istəyirdik. Bir çox oyunçu ilə yollarımızı ayırdıq. Avrokuboklarda iştirakımız bilinəndən sonra məcbur olduq ki, olduğumuz nöqtədən davam edək. Rəhbərliklə görüşümüz oldu ki, tələsik seleksiya etməyək. Bundan sonra 5-6 transfer edəcəyik. Sabahkı oyuna qədər 1-2 oyunçu gətirə bilərdik. Hazırlığımızın bir ayı tamamlanmır. Bu məqamları futbolçularla danışmışıq. Rəqibin çempionatda reqlamenti fərqlidir. 16 günlük fasiləyə gediblər. Onlar superkubok oynayırlar. İdeal hazırlıq periodu keçiblər.

Sabahkı matçda futbolçuların oyuna yanaşmasında problem olacaq?

- Futbolçular avrokuboklara düşmədiyimiz üçün məyus idilər. Avrokuboklarda iştirak etməkləri onlar üçün motivasiya olmalıdır. Düşünmürəm ki, hansısa neqativ hisslər olsun. Hər şey zamanında olanda daha gözəl olur. Elə futbolçular var ki, toplanışa artıq çəki ilə gəlmişdilər. Bilirəm ki, beyinlərində avrokuboları düşünməmişdilər.

Yeqor Boqomolski sizə faydalı ola bilər?

- Əsas heyətlə bağlı nəsə deyə bilməyəcəm. Amma Rusiyadan yaxşı qayıdıb. Rusiya I Liqası fiziki cəhətdən qüvvətli çempionatdır. Ona faydası olduğu görünür. Rəsmi matçlarda necə görünəcək, sabah biləcəyik. Bugünkü forması əsas heyətdə oynamağa imkan verir. 

Dünya çempionatında su fasilələri verilir. Bu haqda fikriniz necədir?

- Məncə, faydası olar. Oyunların intensiviliyini nəzərə alsaq, arada 2 dəqiqəlik fasilənin müyyən səviyyədə faydası ola bilər. Şəxsən mənə xoşdur. Futbolçuları düşünərək atılan addımdır. Olsa, yaxşı olardı. Onsuz da yayda bu fasilələr var idi. Dünya çempionatında daha uzundur. Davamlı şəkildə olub-olmayacağını növbəti günlərdə biləcəyik.