III MDB Oyunlarında iştirak edəcək ölkələrin sayı artdı

Sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirakı təsdiqlənən ölkələrin və nümayəndə heyətlərinin sayı artıb.
"Mediasport" xəbər verir ki, yarışda 10 ölkədən 1605 idmançı və 2330 nümayəndə iştirak edəcək.
Bunadək iştirakçı siyahısında yer alan ölkələrə Türkiyə və Küveyt də qoşulub.
Turnirdə Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Küveyti isə 6 idmançının təmsil edəcəyi rəsmiləşib.
Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3x3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda keçiriləcək.
Qeyd edək ki, III MDB Oyunları yeddi şəhərdə - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.
Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.