"FİFA su fasilələrindən heç bir gəlir əldə etmir" - Canni İnfantino
"Dünya çempionatı kimi 39 gün davam edən turnirdə komandalar potensial olaraq 8 oyun keçirə bilər. Belə şəraitdə istirahət etmək imkanı son dərəcə vacibdir".
"Mediasport" xəbər verir ki, bu sözləri FİFA-nın prezidenti Canni İnfantino deyib.
Beynəlxalq futbol federasiyasının rəhbəri mundial çərçivəsində baş tutan oyunlarda tətbiq edilən su fasilələrindən danışıb:
"Bütün komandaların hər matçda eyni şərtlər altında çıxış etməsini təmin etmək bizim üçün əsasdr.
Məşqçinin yalnız havanın daha isti olmasına görə oyuna təsir etmək imkanı qazanması, başqa oyunda isə temperaturun aşağı olması səbəbindən bu imkandan məhrum qalması düzgün deyil.
Buna görə də su fasilələri bütün matçlarda tətbiq olunur və hamı üçün bərabər şərait yaradılır.
FİFA bundan əlavə gəlir əldə etmir. Bütün kommersiya müqavilələri əvvəlcədən imzalanıb. Buna görə də burada maliyyə məsələsi yoxdur. Bu, sırf idmanla bağlı qərardır".
Xatırladaq ki, su fasiləsi qaydası və fasilə zamanı müxtəlif reklamlara yer verilməsi sosial mediada futbol ictimaiyyətinin narazılığına səbəb olub.


