IV MDB Oyunlarına Qırğızıstan Respublikası ev sahibliyi edəcək
2027-ci ildə keçiriləcək IV MDB Oyunlarına Qırğızıstan Respublikası ev sahibliyi edəcək.
"Mediasport" xəbər verir ki, qərar “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının sentyabrın 27-də Almatıda keçirilən iclasında təsdiqlənib.
Toplantıda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Türkmənistan və MDB İcraiyyə Komitəsindən rəsmi nümayəndə heyətləri və səlahiyyətli nümayəndələr iştirak ediblər.
İclas iştirakçıları Qırğızıstanın da Şuraya sədrlik edəcəyi 2027-ci il üçün Bişkekə “Birliyin idman paytaxtı” fəxri statusunun verilməsi təşəbbüsünü yekdilliklə dəstəkləyiblər.
Xatırladaq ki, III MDB Oyunlarına ötən il Azərbaycan ev sahibliyi edib.

