Olimpiya Festivalına yollanacaq idmançılarla görüş keçirildi

Olimpiya Festivalına yollanacaq idmançılarla görüş keçirildi

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Şimali Makedoniyada və Xorvatiyada təşkil olunacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək idmançılar və məşqçilərlə görüş olub.

"Mediasport" xəbər verir ki, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, idmançılar, məşqçilər və federasiya nümayəndələri iştirak ediblər.

Skopye-2025 Avropa Gənclər Yay Olimpiya Festivalı haqqında video təqdimatdan sonra komandanın missiya rəhbəri Vaqif Əliyev yarışa hazırlıq və “Təhlükəsiz İdman”a dair nümunəvi sənəd haqqında təqdimatla çıxış edib.

AMADA-nın təhsil məsələləri üzrə meneceri Qüdrət Səfərov yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan, həmçinin onların hüquq və vəzifələrindən bəhs edib.

EYOF-2025-in gənc səfiri Nərmin Kərimova isə festival zamanı əyləncəli və mədəni tədbirlər haqqında məlumat verib.

Qeyd edək ki, festivalda 50 ölkədən ümumilikdə 4 minə yaxın 13-18 yaşlı yeniyetmə idmançı iştirak edəcək. Azərbaycan komandası 10 idman növü - atletika, üzgüçülük, cüdo, taekvondo, stolüstü tennis, atıcılıq, badminton, dağ və şose velosipedi, həmçinin idman gimnastikası növlərində 52 (28 kişi, 24 qadın) idmançı ilə təmsil olunacaq.

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi açılış mərasimi iyulun 20-də, bağlanış mərasimi isə 26-da keçiriləcək.