Klub rəhbərliyi ilə fikir ayrılığına görə komandadan getdi
Azərbaycan milli komandasının sabiq futbolçusu Rahid Əmirquliyev "Şahdağ Qusar"la yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, qusarlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, klub rəhbərliyi ilə fikir ayrılığı yaşandığına görə bu addımı atıb:
"Bu gün böyük qürur və kövrəklik hissi ilə doğma komandam “Şahdağ Qusar” ilə vidalaşıram.
Bu klubda mən təkcə futbol oynamadım, həm də böyük bir ailənin üzvü oldum. Birlikdə çətinliklərdən keçdik, mübarizə apardıq və Allahın köməyi, komandamızın əzmi və siz dəyərli azarkeşlərin dəstəyi ilə 2-ci Liqanın çempionu olduq.
Bu uğur bütün komandamızın, bütün Qusarın və hər zaman yanımızda olan azarkeşlərimizin uğurudur.
Doğma torpağımı və insanlarımızı təmsil etmək mənim üçün hər zaman böyük qürur olub.
Həyat isə bəzən insanın qarşısına yeni yollar çıxarır. Klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən komandadan ayrılmaq qərarı verdim.
Bu, heç vaxt bu kluba olan sevgimin və bağlılığımın azalması demək deyil.
Birlikdə çalışdığım komanda yoldaşlarıma, məşqçilərimizə və bizi hər zaman dəstəkləyən əziz azarkeşlərimizə ürəkdən təşəkkür edirəm.
Harada olsam da, “Şahdağ Qusar”ın uğurlarına sevinəcək və özümü həmişə bu ailənin bir parçası hesab edəcəyəm.
Hörmət və sevgi ilə".
Qeyd edək ki, Əmirquliyev 2007-2017-ci illərdə Azərbaycan yığmasının heyətində 59 oyun keçirib, 3 qolla yadda qalıb.


