"Buna uyğun olaraq irəliyə doğru addımlayırıq" - Kurban Berdıyev
"Qəbələ"dən bir az ehtiyat edirdik. Onların yaxşı komanda olduğunu bilirdik. Rəqibin sürətli hücumçuları var. İşimizin öhdəsindən gəldik. Uşaqlar pis oynamadılar".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Mütəxəssis Premyer Liqanın 14-cü turundan təxirə salınmış "Qəbələ" ilə oyun haqda danışıb, 3:0 hesablı qələbəni şərh edib.
Demək olar ki, bu gün gözlədiyiniz "Qəbələ"ni görmədiniz?
- Xeyr, necə rəqib gözləyirdiksə, onu da gördük. Birinci hissədə "Qəbələ"nin kifayət qədər qol epizodları oldu. Heç bir komanda üçün onlara qarşı oynamaq asan olmayıb.
Rəhim Sadıqovun mövqeyini dəyişmisiz sanki.
- Bəli, biz onunla danışdıq. Belə qərara gəldik ki, dayaq yarımmüdafiəçisi mövqeyində daha çox fayda verəcək.
Mövsümün ilk yarısında bir çox mütəxəssis "Turan Tovuz"un baxımsız futbol oynadığını bildirirdi. Son matçlarda isə komanda artıq 20 dəqiqəyə oyunun taleyini həll edir. Nələri dəyişdiniz?
- Komanda zamanla formalaşır. Buna bir neçə il lazım olur. Hər mövsümün özünün vəzifələri var. Bu mövsümün vəzifələri ötən mövsümdən fərqlidir. Buna uyğun olaraq irəliyə doğru addımlayırıq. Bəzən nəsə alınır, bəzən alınmır. Amma uşaqlar hara getdiklərini bilirlər. Bir az vaxt lazımdır.
Artıq "Zirə" ilə xal fərqi 5-ə yüksəldi. "Turan Tovuz"un avrokuboklar yolunda böyük addım atdığını demək olar?
- Xeyr, hələ deyə bilmərik. Ötən mövsüm bizə göstərdi ki, indidən nəsə demək tezdir. Hazırda Azərbaycan çempionatı o qədər rəqabətlidir ki, istənilən komanda digərindən xal ala bilər. Ötən mövsüm nəticələri hardasa əvvəlcədən demək olardı. Amma bu mövsüm gözlənilməz nəticələr qeydə alınır. Azərbaycan futbolu daha da güclü olub.
