Leyla, Arzu və Alena Əliyevalar minifutbol turnirində - FOTOLAR

Leyla, Arzu və Alena Əliyevalar minifutbol turnirində - FOTOLAR

Sosial Xidmətlər Agentliyinin Uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri keçirilib.

"Mediasport" xəbər verir ki, turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da izləyiblər.

Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.

AFFA-nın təşkilatçılığı ilə baş tutan yarışda Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə “Şahinlər”, “Birlik”, “Zəfər” və “Kəpəz” adları ilə yarışıblar.

Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan komandalar medal və diplomlarla mükafatlandırılıb.

Minifutbol turnirinin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.