Mateus Silva: "Əvvəlki “Qarabağ”ı yenə də görəcəksiniz" - MÜSAHİBƏ
"Qarabağ"ın futbolçusu Mateus Silva "Mediasport"a müsahibə verib.
Son olaraq “Zirə” ilə yoxlama görüşündə qələbə qazandınız. Matç sanki Premyer Liqa ab-havasında keçdi, yetərincə sərtlik var idi.
- Fasilədən hamı maksimum yararlanmağa çalışır. Biz də çalışırıq. Bilirəm ki, bütün rəqiblərimiz ciddi hazırlaşırlar. "Zirə" də onlardan biridir. Hamı özünü yaxşı göstərməyə, yaxşı şəkildə müdafiə etməyə çalışır. Ona görə belə sərt mübarizə var idi. Hazırlığın bir hissəsidir, normaldır.
Bu görüşdə qalibiyyət nə dərəcədə önəmli idi?
- Təbii ki, meydana çıxırsansa, həmişə qələbə qazanmaq istəyirsən. Hər halda çempionata fasilə verilib və formada olmaq üçün oynayırsan. Biz indi liqaya hazırlaşırıq. Çempionatda meydana qalibiyyət üçün çıxacağıq.
“Qarabağ” uzun illərdən sonra avrokubokların əsas mərhələsinə yüksələ bilmədi. Bu məqamın futbolçulara pis təsir etdiyini nəzərə alsaq, uzunmüddətli milli fasilə komanda üzvlərinin psixoloji cəhətdən tam olaraq özünə gəlməsi üçün yerinə düşdü?
- Avrokuboklardan kənarda qalmaq təbii ki, istər-istəməz adama pis təsir edir. Amma bu, futboldur. Yüksəlişlər-enişlər qaçılmazdır. Bu dəfə eniş hissəsini gördük. Lakin bu pauza həqiqətən də yerinə düşdü. Bilirsiniz ki, çox sayda yeni futbolçumuz var, yeni komanda qurulur. O baxımdan da yaxşı oldu.
Bu mövsüm üçün “Qarabağ”ın hegemonluğunu geri qaytarması nə dərəcədə realdır? “Neftçi”, “Sabah”, “Turan Tovuz”, “Zirə” kimi rəqibləriniz var.
- Təbii ki, o komandalar da illər boyu öz səhvlərindən nəticə çıxarır və güclənir. İstər ”Neftçi”, istər “Turan Tovuz”, istər “Sabah” olsun, ya digər komandalar. Hamı ən yaxşısını göstərmək istəyir meydanda. Bizə gəldikdə, yeni oyunçularımız var. Sadəcə, bizə bir qədər vaxt lazımdır. Oyunumuzu, həmişəki sistemi "otuzduraq", əvvəlki “Qarabağ”ı yenə də görəcəksiniz.
Ötən mövsüm “Qarabağ”da ən yaxşı performans göstərən oyunçulardan idin. İmtina etdiyin təkliflər oldu, ümumiyyətlə komandadan getmək ehtimalın var idi?
- Çempionlar Liqasında oynamaq xoşbəxtlikdir, böyük nüfuz idi. Ona görə də təkliflərin gəlməsi normaldır. Nəinki mən, komanda yoldaşlarıma da gəldi. “Qarabağ”da özümü xoşbəxt hiss edirəm. Belə məsələləri buraxıram klubumun və agentimin öhdəsinə. Hazırda buradayam, burada xoşbəxtəm, bura fokuslanmışam. Qarşıdakı matçları düşünürəm.

