"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov

"Əsas odur ki, yaxşı nəticə əldə etdik" - Rəşad Eyyubov

"İntensivliyi yüksək olan oyun keçirdik. Hiss edirdim ki, uşaqlara çətindir. Çünki oyun praktikasında çatışmazlıqlar var idi. Əsas odur ki, yaxşı nəticə əldə etdik".

"Mediasport" xəbər verir ki, bu sözləri U-21 Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov deyib.

Gənc mütəxəssis AVRO-2027-nin seçmə qrup mərhələsinin Çexiya yığması ilə Bakıda keçirilən oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb, 1:1 hesablı heç-heçəni şərh edib.


İlk oyunda bu rəqibə səfərdə 0:5 hesabı ilə məğlub olmuşduz. Nəyi dəyişə bildiniz?

- Birinci oyundan 3-4 gün əvvəl milliyə gəlmişdim. Uşaqların çoxunu yaxşı tanımırdım. Bu oyun bizim üçün tam fərqli oldu. Top rəqibdə olarkən başqa cür oynayırdıq.

Əsas millidə olan futbolçular burada olsaydı, qələbə qazana bilərdiniz?

- Uda da bilərdik, uduza da. Dəqiq cavab verə bilmərəm.

Ayxan Abbasovdan həmin uşaqların U-21-də olmasını istəmişdiniz?

- Rüfət, Edqar, Oruc, Rəvan öz oyunları ilə əsas milliyə layiq olduqlarını göstərirlər.

Qarşıdakı oyunlardan gözləntiləriniz nədir?

- Proqnoz verməyi xoşlamıram. Oyunlara hazır olmalıyıq. 3-4 gün ərzində oyunçuları bərpa etməli və yaxşı oyun göstərməliyik.

Lorenso Mezotteronun oyunundan razısınız?

- Bəli, razıyam. Birinci toplanışa baxanda indi oyun tərzini daha yaxşı başa düşür.

Bundan sonrakı hədəf nədir?

- Tariximizdə ən çox 9 xal toplamışıq. Bu nəticəni yaxşılaşdırmaq istəyirik.

Nəriman Axundzadənin çıxışından razı qaldınız?

- Tam razı qaldım. Toplanış zamanı özünü çox peşəkar aparırdı. İnanıram ki, növbəti oyunlarda da bizə xeyir verəcək.

Aşağı yaş qruplarından U-21-ə namizəd oyunçular var?

- İzləyirik, təəssüflər olsun ki, azdır.

Legioner limitinin ləğv edilməsi buna təsir edir?

- Əlbəttə, edir. Amma mən hər bir limitə qarşıyam. Düşünürəm ki, kim yaxşıdırsa, o da oynamalıdır.