Azərbaycanın yığmasının sabiq üzvünün qızına "OK" verilmədi

Futbol üzrə Azərbaycan milli komandasının keçmiş qapıçısı Dmitri Kramarenkonun qızı, bədii gimnastika üzrə Rusiya yığmasının üzvü Lala Kramarenkoya bitərəf idmançı statusu verilməyib.
Bu qərarı Beynəlxalq Gimnastika Federasiyası (FİG) çıxarıb.
FİG idmançının yarışlara buraxılma kriteriyalarına uyğun gəlmədiyini açıqlayıb. Səbəb kimi Lalanın Vətənin Müdafiəsi Gününə həsr edilmiş qala-konsertdə iştirak etməsi və Xüsusi Hərbi Əməliyyat rəmzlərinə dəstək verməsi göstərilib.
Kramarenkonun FİG-nin qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etdiyi bildirilib.
Qeyd edək ki, beynəlxalq idman təşkilatlarının əksəriyyəti 2022-ci ilin fevralında Ukrayna ilə müharibəyə başlayan Rusiyanı işğalçı dövlət kimi tanıyır.
Məhz buna görə Rusiyanın komandaları və idmançıları öz ölkələrinin bayrağı altında beynəlxalq yarışlara buraxılmırlar.
Hazırda Rusiyanın ÇSKA klubunda qapıçılar üzrə məşqçi işləyən Dmitri Kramarenko 1992-2005-ci illərdə yığmamızın formasını geyinib.
O, Azərbaycan milli komandası (2020-2021), "Qəbələ" (2013-2015) və "Neftçi"də (2015-2016) də çalışıb.
Mediasport.com.az