Masazır stadionunda millinin oyunu üçün dəyişiklik ediləcək

Futbol üzrə Azərbaycan milli komandası martın 25-də yoldaşlıq oyunu çərçivəsində Belarus yığmasını qəbul edəcək.
"Mediasport" xəbər verir ki, əsas yığmamız ilk dəfə Masazırda yerləşən stadionda meydana çıxacaq.
Bəs "Bank Respublika Arena"da mövcud infrastruktur əsas millilər çərçivəsində rəsmi yoldaşlıq görüşü keçirməyə icazə verir?
Bu barədə sualımızı AFFA-nın Mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli cavablandırıb:
"Masazırdakı stadionda hər şey qaydasındadır, sadəcə, cüzi dəyişiklik ediləcək. Yalnız qapılardan birinin arxasında çəkiliş üçün platforma quraşdırılacaq. Stadionda çatışmayan yeganə məqam budur. UEFA-dan nümayəndə gəlib baxıb, hər şey tələblərə cavab verir".
Qeyd edək ki, Azərbaycan - Belarus qarşılaşması saat 21:45-də başlanacaq.
Komandamız bunadək martın 22-də eyni saatda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti yığması ilə üz-üzə gələcək.