“Qarabağ Mechack 9030” komandasından uğurlu nəticələr
“Qarabağ Mechack 9030” robototexnika komandası dünyanın ən nüfuzlu mühəndislik yarışlarından biri olan "FIRST Robotics Competition" (FRC) çərçivəsində keçirilən beynəlxalq turnirlərdə uğurlu nəticələr əldə edib.
"Mediasport" xəbər verir ki, komanda “Gotham Regional” mərhələsində 39 kollektiv arasında "Top-15"ə düşməyi bacarıb.
Fərdi və komanda nailiyyətləri baxımından da nəticələr diqqətəlayiqdir. Komandanın iki üzvü "Leadership" (liderlik) nominasiyası üzrə fərqlənərək final mərhələsinə yüksəlib.
Bununla yanaşı, komandanın mentoru robototexnika sahəsində xüsusi nüfuza malik olan "Woodie Flowers Award" nominasiyası üzrə final mərhələsinə yüksəlib ki, bu da komandanın inkişafında mentorluğun mühüm rol oynadığını bir daha təsdiqləyir.
Vurğulayaq ki, "FIRST Robotics Competition" (FRC) qlobal miqyasda ən prestijli robototexnika yarışlarından biri hesab olunur.
Layihənin ideya müəllifi və əsas tərəfdaşlarından biri ABŞ-nin Milli Aeronavtika və Kosmos Agentliyidir (NASA).
Hər il yanvar ayının ilk şənbə günü NASA tərəfindən yarışın mövzusu elan olunur və iştirakçı komandalar məhz həmin tapşırığa uyğun robot hazırlayaraq yarışa qatılırlar.
Qeyd edək ki, “Qarabağ Mechack 9030” komandası bu il ABŞ-də keçirilən “Gotham Regional” və “New York Regional” turnirlərində iştirak edib.
Komandanın əldə etdiyi bu uğurlar beynəlxalq platformada artan nüfuzun göstəricisi olmaqla yanaşı, Azərbaycanda robototexnika və STEM sahələrinin inkişafına verilən töhfənin də bariz nümunəsidir.

