"Ferensvaroş" "Qarabağ"dan aldığı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq" - TƏRLAN ƏHMƏDOV

"Macarlar "Qarabağ"dan 2022-23 mövsümündə aldıqları məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar. Bu, açıqlamalarından da hiss edilirdi. Amma komandaların şansları bərabərdir. Belə oyunda diqqətli olmaq, qol buraxmamaq, səhv etməmək lazımdır. Burada edilən səhvlər bağışlanmır. "Ferensvaroş"un hansı səviyyədə olduğunu bilirik".
Bu sözləri "Mediasport"a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Tərlan Əhmədov deyib.
Mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la ilk oyunu haqqında fikirlərini bölüşüb.
O, Ağdam klubunun öz oyun üslubuna sadiq qalacağını vurğulayıb:
"Təmsilçimiz ilk matçını səfərdə keçirəcək. Orada müəyyən çətinlik yaşaya bilərlər. Hazırkı "Ferensvaroş" 2023-cü ildə qarşılaşdığımız komanda deyil. Komandanın baş məşqçisi, futbolçuları, oyun üslubu tamam dəyişib. Bunu "Ludoqorets"lə oyunlarda gördük. Hər bir halda mübarizə şəraitində keçən oyun olacaq. Hər iki komanda liqa mərhələsinə vəsiqə qazanmağa çalışacaq. "Qarabağ" artıq rəqiblərə təzyiq göstərir və çox diqqətli oynayırlar. Bunu "Şkendiya" ilə cavab matçında da gördük. Komandanın müdafiə xəttindəki boşluqlar da artıq aradan qaldırılır. Görürük ki, "Qarabağ" əvvəlki əzəmətini qaytarır".
T.Əhmədov Ağdam təmsilçisinin heyətində fərq yarada biləcək və individual ustalığı ilə seçilmək bacarığına malik oyunçulardan çox şey asılı olduğunu bildirib:
"Ferensvaroş"la matçlar "Şkendiya" ilə baş tutmuş oyunlara bənzəməyəcək. Aqressiv görüş olacaq. Mərhələni rahat keçmək olar. Çünki "Qarabağ"ın vahid oyun üslubu var. İllərdir bundan əl çəkmirlər. Təmsilçimizin üstünlüyü topa çox nəzarət etməkdir. Hücum xəttində Abdullah Zubirin, Kadi Borgesin fərdi ustalığı işimizə yaraya bilər. Ola bilsin ki, Zubir bu matç daha çox nəzarət altında oynasın. Macarıstan klubunun "Ludoqorets"i 3:0 məğlub etdikləri oyunda da göründü ki, komanda hücum xəttində zəif deyil. "Qarabağ" rəqibin müdafiəsində olan problemlərdən istifadə edə bilər".
"Neftçi"nin sabiq baş məşqçisi cütün taleyinin Bakıda keçiriləcək cavab qarşılaşmasında həll ediləcəyinə inandığını vurğulayıb:
"Qarabağ" səfərdən minimal hesablı qələbə və ya məğlubiyyətlə dönsə belə, evdə mərhələnin taleyini həll etmək şansı olacaq. Komandamız doğma azarkeşlər önündə daha aqressiv, istəkli oyun nümayiş etdirir. Ümid edirəm ki, "Qarabağ" rahat qələbə qazanacaq. Bu, elə oyundur ki, tərəflərin itirəcəyi bir şey yoxdur. Hər iki komanda Avropa Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib. Çempionlar Liqasının liqa mərhələsini adını yazdırmaq hər bir komandanın istəyidir. Komanda oyunu, mübarizə, əzmkarlıq bu məqamda xüsusi rol oynaya bilər. Orta xətdə hansı komanda topa daha çox sahib olacaqsa, o da qalib gələ bilər. Rəqibin də sürətli hücumları, keçidləri var. Gözəl mübarizə şəraitində keçəcək oyun izləyəcəyik".
Xatırladaq ki, bu gün Budapeştdə reallaşacaq duel Bakı vaxtilə saat 23:00-da start götürəcək.
Komandalar avqustun 27-də Bakıda cavab qarşılaşmasına çıxacaqlar.