"Qəbələ" akademiyasını saxlamaq AFFA-nın boynunun borcudur!

"Qəbələ" İK bu gün açıqlama yayaraq akademiyanın fəaliyyətinin məhdudlaşdırıldığını bəyan etdi.
Məhdudlaşdırılma yoxa bərabər bir şeydir.
Bəyanatda əsas problemin maliyyə çatışmazlığı qeyd olunub.
İllərdir can üstdə çabalayan Azərbaycan futboluna yaxşı mənada xidmət edən futbol akademiyası haqda belə bir qərarın çıxarılması AFFA-nın əcnəbilərə 5 milyon dollara yazdırdığı "İnkişaf strategiyası" ilə tərs mütənasib olsa da, beləcə əsl reallıq göz önünə sərildi.
Azərbaycanda futbolun inkişafına birbaşa cavabdeh qurum ittiham və qınaqlardan qaçmaq üçün dərhal özünə yaxın internet resurslarını "işə salaraq", ötən mövsüm "Qəbələ" akademiyasının saxlanması üçün göstərdikləri maliyyə yardımını gözə soxaraq ayıblarını malalatdırmağa başlayıb.
Halbuki federasiya 700 min manatı kluba o qədər süni əngəl və gecikmə ilə köçürdü ki, "Qəbələ"ya astarı hardasa üzündən baha başa gəldi. Nəticə göz qabağındadır.
Əlinizdə qalsın yazdırdığınız milyonluq inkişaf layihəsi. Canlı inkişaf layihəsinin üstündən "QAZ-66" ilə keçib gözə kül üfürürsünüz?
Ya federasiyadan kimsə "Qəbələ"yə - dolayısı ilə Azərbaycan futbolunun inkişafına ayrılmış cüzi maliyyəni dədəsinin cibindən verib, biz bilmirik?
45 milyon manata yaxın büdcəniz, 0-ın altında fəaliyyətiniz var e, bu, nə utanmazlıqdır belə?!
Yəni həqiqətən "boz bina"da kreslo məşğul edən məmurlardan kimsə "Qəbələ" akademiyasında olan sistemə, düzgün idarəçiliyə dəstək çıxmağın AFFA-nın borcu olduğunu dərk etmir?
Adamlar illər boyu iş görüblər, hazır inkişaf layihəsi qurub-yaradıblar, indi saxlaya bilmirlər.
Zəhmət çəkin, heç bir əhəmiyyəti olmayan geydirmə layihələrə sərf etdiyiniz maliyyəni hazır akademiyaya sərf edin də.
Bu gün "Qəbələ"nin o möhtəşəm akademiyanı saxlamağa gücü çatmırsa, AFFA-nın işi öhdəsinə götürməsi mütləqdir, şərtdir və borcudur.
"Qəbələ" klub kimi sənəd üzərində kiminsə adına rəsmiləşdirilə, qeydiyyatdan keçirilə bilər, amma həqiqətdə Azərbaycan xalqınındır!
AFFA-nın illik milyonlarla büdcəsi də Azərbaycan XALQına məxsusdur!
AYXAN