"Sabah" ilkə imza atdı - Çempionlar Liqasında mübarizə aparacaq

"Sabah" basketbol klubu Azərbaycan tarixində ilkə imza atıb.
"Mediasport" xəbər verir ki, "bayquşlar" yeni mövsümdə Azərbaycanı FİBA Çempionlar Liqasının müntəzəm mövsümündə təmsil edəcək.
Xatırladaq ki, son ölkə çempionu ötən mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində iştirak etsə də, heç vaxt müntəzəm mövsümə vəsiqə qazana bilməyib.
"Sabah"la yanaşı, Çempionlar Liqasının qrup mərhələsində AEK, “Karditsa”, “Promiteas Patras”(hamısı Yunanıstan), “Alba”, “FIT1 Vürzbürq”, “MLP Akademiks Heydelberq” (hamısı Almaniya), “Bney Penlink”, “Hapoel Holon” (hər ikisi İsrail), “Şöle”, “Le Man Şarte” (hər ikisi Fransa), “Drimlənd Qran Kanariya”, “Hoventut”, “La Laquna”, “Unikaxa” (hamısı İspaniya), “ERA Nimburk” (Çexiya), “Filo Ostende” (Belçika), “Qalatasaray”, “Mersin SK”, “Tofaş” (hamısı Türkiyə), “İgokea Mtel” (Bosniya və Herseqovina), “NCSS-Şolnoki” (Macarıstan), “Pallasanestro”, “Trapani Şark” (hər ikisi İtaliya), “Ritas Vilnüs”(Litva), “Benfika”(Portuqaliya), “Spartak Offis”(Serbiya), VEF(Latviya) və Polşa çempionu mübarizə aparacaq.
Seçmə mərhələdə 24 klub arasından 3 qalib də yoluna qrup mərhələsində davam edəcək.
FİBA Çempionlar Liqasının qrup mərhələsinin püşkü iyulun 2-də, oyunlar isə oktyabrın 7-də start götürəcək.