"Sabah" klubunun prezidenti Qurban Qurbanovu ittiham etdi

"Sabah" klubunun prezidenti Qurban Qurbanovu ittiham etdi

“Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Sabah” (3:3) oyununun sonlarında texniki zonada yaşanan dava-dalaşa münasibət bildirib.

“Mediasport” xəbər verir ki, klub rəhbəri "Azerisport"a açıqlamasında Qurban Qurbanovu ittiham edib.

M.Adıgözəlov komandasının məşqçisinin davranışına bəraət qazandırmadığını, lakin əvvəllər oxşar halların olduğunu da qeyd edib:

“Bəli, oyunun sonunda emosional vəziyyət yarandı. Köməkçi məşqçimiz hakimlə danışırdı, bu zaman “Qarabağ” heyətinin bir üzvü ona səssiz olma işarəsi göstərdi. Bizim nümayəndəmiz isə emosional və düzgün olmayan jest etdi ki, bunu nümayiş etdirməyə haqqı yox idi.

“Sabah” futbol klubu belə davranışı yolverilməz hesab edir. Bu, bizim ənənələrimizə, mədəniyyətimizə və dəyərlərimizə uyğun deyil. Nümayəndəmizlə söhbət aparıldı. Biz baş verənləri yalnız futbola xas emosiyalarla izah etmədik. Əksinə, məşqçimiz təkcə meydanda deyil, həm də mətbuat konfransında üzr istəməyi lazım bildi.

Hər hansı klubun qarşısında belə bir hadisə baş versəydi, biz eyni şəkildə davranardıq. Hətta “Qarabağ” nümayəndələri bu epizoda diqqət etməsələr belə, üzr istəməli idilər. Üzr istəmək mədəniyyəti statusdan, xidmətlərdən və adlardan asılı deyil.

Qeyd edim ki, üzr istəmə mədəniyyətindən danışarkən, 2023/24 mövsümündə “Qarabağ” – “Sabah” matçında rəqib son saniyələrdə qol vurduqdan sonra “Qarabağ” oyunçusunun bizim skamyaya jest etməsi kimi epizod olmuşdu.

Bundan əlavə, kubok finalından sonra hörmətli Qurban Qurbanov oyundan sonrakı müsahibəsində "Sabah"ın qələbəsinə kölgə saldı və dolayı yolla onun bütövlüyünü şübhə altına aldı. Sonradan bu sözlər emosiyalarla izah olundu. Qol vurduqdan sonra bir oyunçunun qapıçımızın qarşısında etdiyi ekzotik rəqs  bizim ənənələrimizə uyğun deyildi.

Təəssüf ki, o zaman dostlarımız üzr istəmək lazım bilmədilər və hər şeyi emosiyalara yazdılar. Biz səbr etdik, üzr istəmək tələb etmədik və vəziyyəti böyütmədik, çünki başa düşürük ki, mübarizə zamanı bəzən olmamalı şeylər olur. Buna görə də son oyundakı epizoda qarşı olan kəskin reaksiya bir qədər təəccübləndirdi.

Bizim mövqeyimiz dəyişməz qalır: oyuna hörmət, rəqibə hörmət və irəliyə doğru addımlar. Gəlin, futbol, oyunun keyfiyyəti və çempionatımızın inkişafı barədə danışaq, müəyyən epizodların ümumi mənzərəni kölgələməsinə imkan verməyək”.