Samir Abasov "Neftçi"dən yarım milyon manatdan çox təzminat aldı
"Neftçi"dən istefaya göndərilən Samir Abasovun alacağı təzminat məbləği məlum olub.
"Mediasport"a verilən məlumata görə, "ağ-qaralar" məcburi yola saldığı baş məşqçiyə yarım milyon manatdan çox ödəniş edəcək.
2024-cü ilin oktyabrında 2 illik anlaşmaya qol çəkmiş mütəxəssisin aylıq maaşı 50 min manat civarında olub.
O, postunu tərk etməsi üçün paytaxt təmsilçisindən qalan 11 aylıq əməkhaqqının tam ödənilməsini tələb edib.
Məlumata görə, o, klubu FİFA ilə təhdid edib.
Yaradılmış yüksək şəraitə rəğmən, yaşadıqları uğursuz nəticələrlə barışmayan rəhbərlik kompensasiyanı ödəməyə razılaşaraq Abasova qapını göstərib.
Xatırladaq ki, "Neftçi" cari mövsüm 12 tura 3 qələbə ilə ümumilikdə 15 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
1 oyun az keçirmiş lider "Qarabağ"ın hesabında 26 xal var.
