Tanınmış klub "Neftçi"nin gənc istedadını transfer etmək istəyir

Tanınmış klub "Neftçi"nin gənc istedadını transfer etmək istəyir

"Neftçi"nin futbolçusu Murad Məmmədov karyerasını Kiprdə davam etdirə bilər.

"Mediasport" xəbər verir ki, Premyer Liqa təmsilçisi "Aris" 19 yaşlı vingeri transfer etmək istəyir.

Bu barədə "Sport-fm.com.cy" saytı məlumat yayıb.

Muradın "Neftçi" ilə müqaviləsi 30 iyun tarixində başa çatır. Bu amil onu Limassol təmsilçisi üçün xüsusilə cəlbedici variant edir.

Xəbərdə qeyd olunub ki, "Aris" bir neçə aydır ki, futbolçunun durumunu yaxından izləyir. Məmmədov kimi xüsusiyyətlərə malik oyunçunun transferi komandaya əlavə hücum variantı qazandırmaqla yanaşı, gələcək üçün sərmayə də ola bilər.

Qeyd edək ki, Murad Məmmədov "Neftçi"nin yetirməsidir. U-21 millimizin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.