"Tezliklə daha yaxşı formaya düşəcəm, bunu görəcəksiniz"
"İlk oyunuma çıxdım, debüt matçım idi. Bu görüşdə qələbə qazanmaqla azarkeşləri sevindirmək istəyirdik. İlk hissənin sonuna yaxın hesabda geri düşdük. Sonda heç olmasa, 1 xal qazanmağa çalışırdıq, alınmadı".
Bu sözləri "Mediasport"a açıqlamasında "Turan Tovuz"un yeni transferi Coş Cinnelli deyib.
Britaniyalı vinger "Qarabağ"la Premyer Liqanın 18-ci tur görüşü haqda danışıb:
"Rəqib haqda məlumatım var idi. Nəyə qadir olduqlarını meydanda da gördüm. Xal qazana bilərdik. Təəssüflər olsun ki, yekun belə alındı. Futbol epizodlardan ibarət oyundur. Kənardan asan görünə bilər. Matçın sonlarında imkalarımız olsa da, rəqib qapıçı etibarlı oynayırdı".
Cinnelli qarşıdakı turlarda vəziyyəti xeyirlərinə dəyişəcəklərinə inandığını bildirib:
"Qarabağ”a uduzsaq da, qarşıda hələ yol uzundur. Növbəti matçlarda vəziyyəti dəyişməyə çalışacağıq. İnanıram ki, azarkeşlərimizin dəstəyi ilə məqsədimizə çatacağıq.
Özümə gəlincə, tam formaya düşmək üçün üzərimdə çalışıram. Məşqlərdə əlimdən gələni edirəm. Bir qədər zamana ehtiyacım var. Tezliklə daha yaxşı formaya düşəcəm, bunu görəcəksiniz".
Xatırladaq ki, 18 tura 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan Tovuz klubu lider "Sabah"dan 13 xal geri qalır. Qərblilərin ehtiyatda bir matçı var.
