Üç güləşçimiz Slovakiyada Avropa çempionatının yarımfinalına çıxdı

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, turnirdə bu gün yunan-Roma güləşçilərinin mübarizəsi start götürüb.
Azərbaycanın 10 təmsilçisindən 5-i xalça üzərinə çıxıb.
Komandanın kapitanı Eldəniz Əzizli (55 kq) ilə yanaşı, Murad Məmmədov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) güclərini yoxlayıblar.
Onlardan Əzizli, Məmmədov və Abbasov adlarını yarımfinala yazdırmağa nail olub.
Axşam seansında qadın güləşçimiz Jalə Əliyeva (57 kq) üçüncü yer uğrunda görüşdə Yenna Hemyae (Finlandiya) ilə qarşılaşacaq.
Qeyd edək ki, AÇ-də daha əvvəl sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc mükafat əldə ediblər.
Milli komandamız Slovakiyaya 10 sərbəst, 4 qadın və 10 yunan-Roma güləşçisi ilə yollanmışdı.
Qitə birinciliyi aprelin 13-də başa çatacaq.