Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşırlar

Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşırlar

Azərbaycanın güləş üzrə milli komandaları bölgələrdə təlim-məşq toplanışı keçir.

Güləş Federasiyasından "Mediasport"a verilən məlumata görə, 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan U-17 sərbəst və yunan-Roma güləşi üzrə yığmaların təlim-məşqi fərqli məkanlarda reallaşır.

Mayın 24-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışa daxil olan sərbəst güləşçilər iyunun 6-da toplanışı yekunlaşdıracaqlar.

Yunan-Roma güləşçilərinin Göygöl Olimpiya İdman Kompleksində baş tutan toplanışı isə 1-11 iyun tarixlərini əhatə edir.

U-20 yaş qrupu üzrə yığmalar iyulun 6-dan 12-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa çempionatına eyni məkanda hazırlaşır.

Hər iki komanda iyunun 1-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi ayın 12-də yekunlaşacaq.

Böyüklərdən ibarət sərbəst güləş üzrə milli komanda isə sabahdan Şamaxı Olimpiya İdman Kompleksində toplanışa başlayacaq.

Gələn ay (15–19 iyul) Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək ilin son reytinq turnirinə hazırlıq xarakteri daşıyan hazırlıq prosesi iyunun 20-dək davam edəcək.