Avropa çempionatında növbəti medalı Cəbrayıl Hacıyev qazandı
Azərbaycanın sərbəst güləş millisi Albaniyada keçirilən Avropa çempionatında daha bir medal qazanıb.
"Mediasport" xəbər verir ki, Tiranada fəxri kürsüyə bu dəfə Cəbrayıl Hacıyev yüksəlib.
79 kq çəki dərəcəsində yarışan pəhləvan bürünc medal görüşündə Şimali Makedoniyanı təmsil edən rusiyalı Rasul Şapiyevə heç bir şans verməyib - 8:0.
Xatırladaq ki, onadək qitə birinciliyində sərbəst güləşçilərimizdən İslam Bazarqanov (57 kq) Avropa çempionu olub.
Sabah isə daha 5 təmsilçimiz medal qazana bilər - Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) finalda, Nürəddin Novruzov (61 kq) isə üçüncülük uğrunda güləşəcək.
Ümumilikdə yarışda daha əvvəl yunan-Roma güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq), həmçinin qadın güləşçilərimizdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafat əldə ediblər.
