"Qərb zonası hələ SSRİ dövründən futbol bölgəsi kimi tanınır"

AFFA və Regional Futbol Federasiyası İctimai Birliyin təşkilatçılığı ilə 2010/2011-ci il təvəllüdlü futbolçulardan ibarət regionların yığma komandaları arasında keçirilən "Region Kuboku" yarışlarının "A" qrupu oyunları davam edir.
"Mediasport" xəbər verir ki, qrupun 2-ci tur oyunları Tovuz şəhər stadionunda baş tutub.
RFF İB-nin prezdienti İsgəndər Cavadov və baş mütəxəssisi Füzuli Nəcəfov, Şimal Qərb RFF-nin prezidenti Rövşən Əhmədov Tovuza səfər edərək oyunları izləyiblər.
RFF İB-nin prezidenti İsgəndər Cavadov Qərb Regional Futbol Federasiyasının mətbuat xidmətinə yarış haqda açıqlama verib. O, əsas məqsədin kütləvilik və istedadların üzə çıxarılması olduğunu deyib:
“Bütün oyunları yaxından izləyirik. Bu gün də Tovuzdayıq. Qərb Regional Futbol Federasiyasının rəhbərliyi bizimlə birlikdədir. Bu işləri həyata keçirmək futbolumuzun inkişafı üçün çox vacibdir. Məqsədimiz regionlarda kütləviliyə nail olmaq, daha çox istedadı üzə çıxarıb futbolumuza qazandırmaqdır.
Bütün region yığmalarının iştirakı ilə keçirilən bu turnirdə uşaqlar futbol oynamaqla yanaşı, digər şəhər və rayonlara səfər etməklə ölkəmizin bütün bölgələrinin necə inkişaf etdiyinin şahidi olurlar. Qərb zonası hələ SSRİ dövründən futbol bölgəsi kimi tanınır. Buradan onlarla adlı-sanlı futbolçu çıxıb. İlk növbədə keyfiyyətli iş görmək üçün maliyyə dəstəyinə ehtiyac var. Regional federasiyalara həm şərait, həm də maliyyə dəstəyi lazımdır ki, qarşıya qoyulan tapşırıqları nöqsansız yerinə yetirsinlər. Artıq bu işə başladıq.
AFFA rəhbərliyi də bölgə futbolunun inkişafı üçün dəstək verir. Bunun üçün AFFA-nın prezidenti Rövşən Nəcəfə və baş katib Cahangir Fərəcullayevə təşəkkürümzü bildiririk. 12 il idir, belə yarışlar keçirə bilmirdik. Dediyim kimi, artıq AFFA da bu işdə dəstəyini əsirgəmir".
Uşaq futbolunda problemlə olduğunu dilə gətirən İ.Cavadov işləri daha da intensivləşdirməyə və daha çox turnirlər keçirməyə çalışacaqlarını qeyd edib:
"Bu haqda AFFA rəhbərliyinə də məlumat verəcəyik. Əsas başlamaq idi. Çalışacağıq ki, növbəti dəfə daha əhatəli və daha böyük yarışlar təşkil edək. Uşaq futbolunda müəyyən problemlər var. Bütün regionlarda, belə tədbirləri keçirmək istəyirik. Bununla da minlərlə uşağı bir araya gətirib inkişaflarına nail ola bilərik. Kütləviliyə nail olduqca seçim imkanları da çoxalacaq. Belədə bütün liqalara və milli komandalara xeyli sayda futbolçu vermək şansımız da çoxalacaq. Pillə-pillə bütün planlarımızı həyata keçirməyi hədəfləyirik”.