"Turnirin yüksək səviyyədə təşkil olunması yarışa gözəllik qatdı"

"Turnirin yüksək səviyyədə təşkil olunması yarışa gözəllik qatdı"

"Azərbaycanda belə bir turnirin yüksək səviyyədə təşkil olunması yarışa xüsusi gözəllik qatdı. Uşaqlar üçün bu turnir fantastik və unudulmaz təcrübə oldu. Qısa müddətdə 10 oyun keçirmək, hər matça fərqli plan və yanaşma ilə hazırlaşmaq onlar üçün çox böyük təcrübə idi".

"Mediasport" xəbər verir ki, bu fikirləri AFFA-nın texniki direktoru Edmond Klaus səsləndirib.

Niderlandlı mütəxəssis Bakıda keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalı barədə jurnalistlərə açıqlamasında ümumi prosesdən çox razı qaldığını bildirib, təşkilati məsələlərin yüksək səviyyədə həll edildiyini vurğulayıb:

"Qısa vaxtda 200-ə yaxın ölkənin iştirakı üçün turnir təşkil etmək, rəqabət mühiti yaratmaq və lazımi infrastrukturu qurmaq böyük məsuliyyət tələb edirdi.

Azərbaycan xalqının və rəhbərliyinin dəstəyi, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz belə möhtəşəm turnirə ev sahibliyi etdi.

Komandamızın çıxışına gəlincə, etiraf edək ki, uşaqlarımız ölkədaxili çempionatda belə rəqabətli oyunlarla tez-tez qarşılaşmırlar.

Haiti və Avstraliya kimi komandaların keyfiyyətli futbolçularına qarşı oynamaq onlar üçün mühüm təcrübə oldu. 

Turnirə hazırlıq və heyəti seçmək məqsədilə AFFA-nın bütün texniki heyətini və mütəxəssislərini bu prosesə cəlb etmişdik. Məqsəd düzgün futbolçuları müəyyənləşdirmək idi".

O, Azərbaycanda uşaq liqalarındakı qayda dəyişikliklərinin səbəblərini açıqlayıb:

"Meydança və qapı ölçülərinin, eləcə də oyunçu sayının dəyişdirilməsi uşaqların topa daha çox toxunmasına, oyun intensivliyinin artmasına xidmət edir.

Bu yeniliklər bir il müddətinə tətbiq olunur. Dekabrda Premyer Liqa klublarının akademiya direktorları ilə görüşüb aralıq nəticələri müzakirə edəcəyik.

Mövsümün sonunda toplanan datalar müqayisə olunacaq və ehtiyac yarandıqda müvafiq düzəlişlər ediləcək".