"Bəzi futbolçular 6 saat dərsdən sonra acqarnına məşqə gəlirlər"
“Dinamo" yaxşı, güclü komandadır. Avropanın ən yaxşı akademiyalarından biridir. Buna baxmayaraq, mənə elə gəlir ki, keçən ildən fərqli olaraq bu dəfə komandamız daha yaxşı oyun sərgilədi".
"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqov deyib.
Mütəxəssis UEFA Gənclər Liqasında Xorvatiyanın "Dinamo" kollektivi ilə Bakıda baş tutan oyun haqda fikirlərini bölüşüb, 1:2 hesablı məğlubiyyəti şərh edib.
O, hakim qərarlarının da nəticəyə təsir etdiyini vurğulayıb:
"Rəqibə müəyyən boşluqlar verdik. Hakimin də bəzi qərarlarından narazı qaldıq. Üç gün əvvəl çempionatda əsas rəqiblərimizdən olan “Sabah”la qarşılaşmışdıq.
Ona görə eyni heyətlə qısa müddətdə ardıcıl iki çətin oyun keçirmək futbolçular üçün yorucudur.
Bundan başqa, universitet məsələləri var. Bəzi futbolçular 6 saat dərsdə olub sonra birbaşa, acqarnına məşqə gəlirlər. Yorğun olurlar, ayaqlar dolur.
Bəzi futbolçular səhər oxuyur, bəziləri axşam. Eləcə də əvəzedici komanda ilə məşq edən futbolçularımız da var. Yəni vəziyyət o qədər qarışıqdır ki...
Hazırda uşaqları yığıb bu cür mübarizə aparmışıqsa, bu, özü böyük nailiyyətdir. Özünüz də gördünüz ki, birinci hissədə gücümüz var idi, daha yaxşı, effektiv hücumlar edirdik.
İkinci hissədə gücümüz qalmadı. Bu da dediyim kimi, bir çox amillərlə bağlıdır. Bəzilərini saydım”.
Xatırladaq ki, komandalar arasında cavab görüşü noyabrın 4-də Xorvatiyada keçiriləcək. Cütün qalibi 3-cü raundda "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.

