Ələkbərov: "Onların belə mübarizə aparacaqlarını açığı gözləmirdim"
"Oyunun gedişində hesabda önə keçdik. Ancaq oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik".
"Mediasport" xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının əsas mərhələsində yarışan “Araz-Naxçıvan” futzal klubunun oynayan məşqçisi Fərid Ələkbərov deyib.
O, Bosniya və Herseqovina çempionu “Buba Mara” ilə qarşılaşma haqda fikirlərini bölüşüb, rəqibin matça ciddi hazırlaşdığını qeyd edib:
“Bizimlə görüşə tam heyətlə çıxmışdılar. Lakin istər fiziki hazırlıq, istərsə də qol epizodu yaratmaq baxımından komandamız yaxşı tərəfdən seçilirdi.
Hesab 2:2 olan vaxt boş qapıya düşə bilmədik. Onu edə bilsəydik, qələbə qazanmaq şansımız az deyildi.
Ümumiyyətlə, qrupumuzdakı rəqiblərin heç biri zəif, asan udulacaq kollektiv deyil. Hər biri oturuşmuş heyətə malikdir, əksəriyyəti illərdir eyni komandada çıxış edirlər.
Bizim bir gün əvvəl məğlub etdiyimiz “Uypeşt” meydan sahibi və qrupun əsas favoriti hesab edilən “Piast”la heç-heçə etdi.
Qrup liderinin kimliyinə sonuncu turun oyunlarından sonra aydınlıq gətiriləcək. Elə vəziyyət yaranıb ki, bu hüququ hər bir komanda qazana bilər.
“Araz-Naxçıvan” bu ildən sırf yerli futzalçılardan – millinin üzvlərindən qurulub. Onların belə mübarizə aparacaqlarını açığı gözləmirdim. Yaxşı mənada təəccübləndirdilər”.
Qeyd edək ki, qrupun ilk oyununda “Uypeşt”ə (Macarıstan) 5:4 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” 2-ci turda “Buba Mara”ya 3:5 hesabı ilə uduzub.
Komandamız oktyabrın 30-da “Piast”la qarşılaşacaq.

