Bölgə cüdoçuları Hərbi Qənimətlər Parkı və Zəfər parkında oldular

 Bölgə cüdoçuları Hərbi Qənimətlər Parkı və Zəfər parkında oldular

Azərbaycan Cüdo Federasiyasının regionlardan olan cüdoçular üçün təşkil etdiyi təlim-məşq toplanışı çərçivəsində idmançılar üçün vətənpərvərlik mövzusunda xüsusi proqram təşkil olunub.

"Mediasport" xəbər verir ki, cüdoçular Hərbi Qənimətlər Parkını, eləcə də Zəfər parkını və burada yerləşən Zəfər abidəsini ziyarət ediblər.

İdmançılar Vətən müharibəsinin tarixi, Azərbaycan Ordusunun keçdiyi döyüş yolu və qazanılan Zəfəri əks etdirən eksponat və memorial elementlərlə yaxından tanış olublar.

Proqramın davamında cüdoçular Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa həsr olunan “44” bədii filmini izləyiblər.

Tədbirlərin əsas məqsədi gənc idmançıların tarixi yaddaşının möhkəmləndirilməsi, şəhidlərin xatirəsinə ehtiram hissinin aşılanması, Vətənə bağlılıq və vətənpərvərlik ruhunun gücləndirilməsidir.

Azərbaycan Cüdo Federasiyası idmançıların peşəkar hazırlığı ilə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlı, məsuliyyətli və vətənpərvər gənclər kimi formalaşmasını da inkişaf proqramının mühüm istiqamətlərindən biri hesab edir.