"Neftçi" rəhbərliyi klubun tarixinə düşən veteranlarını təbrik etdi

"Neftçi" rəhbərliyi klubun tarixinə düşən veteranlarını təbrik etdi

“Neftçi”nin veteran futbolçuları – Tərlan Əhmədov və Kamal Quliyev “Palms Sports” Futbol Mərkəzində qonaq olublar.

Paytaxt klubundan "Mediasport"a verilən məlumata görə, "ağ-qaralar"ın baş icraçı direktoru Cenk Sümer və digər rəsmilərlə görüşən Tərlan Əhmədova 55, Kamal Quliyevə isə 50 illik yubileyi münasibətilə xatirə hədiyyələri təqdim edilib.

Xatırladaq ki, 2017/2018-ci illər mövsümündə baş məşqçi kimi "Neftçi"yə Azərbaycan çempionatının bürünc medallarını qazandıran Tərlan Əhmədov 1989-1991, 1998-2002-ci illərdə paytaxt klubunun futbolçusu olub.

"Neftçi"də 121 oyun keçirib 6 qol vuran Əhmədov 1999-cu ildə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb və ilin futbolçusu seçilib.

1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandası ilə Avropa çempionu olan müdafiəçi bir müddət komandanı meydana kapitan kimi çıxarıb.

Kamal Quliyev 1997-2002-ci illərdə “Neftçi”nin heyətində 142 matçda meydana çıxıb və 24 qol vurub. O, 1999-cu ildə Azərbaycan Kubokunu qazanıb.

Tərlan Əhmədov və Kamal Quliyev həmçinin 2011-2014-cü illərdə "Neftçi"də baş məşqçi Böyükağa Hacıyevin köməkçisi olublar.

Bu dönəmdə iki il ard-arda (2012, 2013) çempionluq yaşayan “flaqman” 2012/13-cü illər mövsümündə Azərbaycan futbolu tarixində ilkə imza ataraq UEFA Avropa Liqasının qrup mərhələsində çıxış etmək hüququ qazanıb.

Bundan əlavə, komanda iki dəfə (2013, 2014) Azərbaycan Kubokunun qalibi olub.