AMADA-nın icraçı direktoru CASPIA Analitik Mərkəzində
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə CASPIA Analitik Mərkəzinin qonağı olub.
"Mediasport" xəbər verir ki, görüş zamanı CASPIA Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Tərəflər idman diplomatiyası istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edərək, birgə fəaliyyətin təmiz idman dəyərlərinin təşviqinə və bu sahədə maarifləndirmə işinin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.
Təhminə Tağı-zadə səmimi görüşə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.
O, gələcək əməkdaşlıq perspektivlərinin ölkədə antidopinq sahəsinin inkişafına, təmiz idman mədəniyyətinin daha geniş təşviqinə və yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaradacağını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.
Daha sonra CASPIA Analitik Mərkəzinin təcrübə proqramında iştirak edən tələbələrlə Təhminə Tağı-zadənin görüşü təşkil olunub.
Görüş zamanı dopinqin həm mənəvi, həm də sağlamlıq baxımından yaratdığı fəsadlar, 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartlar, eləcə də təmiz idman dəyərlərinin qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Təhminə Tağı-zadə tələbələri maraqlandıran sualları cavablandırıb, antidopinq sahəsində beynəlxalq təcrübə və müasir çağırışlar barədə fikirlərini bölüşüb.
Tələbələr görüşdən xoş təəssüratlarla ayrıldıqlarını bildirərək, əldə etdikləri məlumatların onların gələcək fəaliyyətləri üçün faydalı olacağını qeyd ediblər.



