"Bu məsələdə Fernandu Santuşun əvəzinə də çox üzülürəm"

"Bu məsələdə Fernandu Santuşun əvəzinə də çox üzülürəm"

"Əfsuslar olsun ki, proqnoz verməkdə çətinlik çəkirəm. Bu gün həm U-21, həm də əsas milli komandanın futbolçularının oyun praktikasının az olması məni və hər bir şəxsi düşündürür".

Bu sözləri "Mediasport"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev deyib.

Azərbaycan yığmasının sabiq baş məşqçisi DÇ-2026-nın seçmə mərhələsinin ilk matçından öncə milli komandamızın yer aldığı D qrupunu dəyərləndirib:

"Fransa, İslandiya, Ukrayna çətin və güclü rəqiblərdir. Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edildikdən sonra bir çox yerli futbolçu əsas heyətdə oynamır. Bəli, oynayan futbolçular da var. Məsələn, "Qarabağ"da iki-üç, "Sabah"da bir, "Zirə"də iki və s. Lakin oyun praktikası kifayət qədər çox olan 30 futbolçu seçmək hazırda çox çətindir.

Artıq mən bu məsələdə Fernandu Santuşun əvəzinə də çox üzülürəm. Yerli futbolçuların oyun təcrübələrinin az olması bizim milli komanda haqqında müsbət düşünməyimizə əngəl törədir. Yığmamızı çətin oyunlar gözləyir. Məhz həmin qarşılaşmalardan sonra legioner limitinin ləğvi haqqında qəbul edilən qərarın düzgün olub-olmadığını görəcəyik. Milli komandamıza uğurlar arzulayıram!"

Xatırladaq ki, sentyabrın 5-də keçiriləcək İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.