Joao Enrikeş Renat Dadaşov haqqında: "O, fərqli futbolçudur"

"İmkan oldu və biz də bundan yararlandıq. Renat bizim komandada olanlardan fərqli xüsusiyyətlərə malik hücumçudur".
"Mediasport" xəbər verir ki, bu sözləri Polşanın "Radomyak" klubunun baş məşqçisi Joao Enrikeş deyib.
Portuqaliyalı mütəxəssis Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun komandasına transferindən danışıb. 52 yaşlı çalışdırıcı hücumçu haqda xoş sözlər işlədib:
"O, yanvarda heyətə qatdığımız Abdul Tapsoba və ya Pedru Perottidən fərqli futbolçudur. Renat daha çox rəqibin cərimə meydançasında olur. Çünki güclü və döyüşkəndir".
Qeyd edək ki, qış fasiləsindən sonra adı çempionatın iştirak ərizəsindən çıxarıldığı üçün "Ankaragücü" ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən yığmamızın forvardı bugünlərdə Ekstraklassa təmsilçisinə keçib.
Dadaşov Radom klubu ilə mövsümün sonunadək müddəti əhatə edən müqavilə bağlayıb. Anlaşmada müqavilənin uzadılması şərti mövcuddur.
Çempionatda autsayder olan "Radomyak”da Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov da çıxış edir.