Azərbaycan liqalarında gələn mövsümün topları müəyyənləşdi

Azərbaycan liqalarında gələn mövsümün topları müəyyənləşdi

Azərbaycan çempionatlarında 2025/2026-cı illər mövsümündə istifadə olunacaq toplar müəyyənləşib. 

"Mediasport" xəbər verir ki, gələn mövsüm Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Conext25 PRO” toplarından yararlanacaqlar.

Ən yüksək səviyyəli oyunlar üçün nəzərdə tutulmuş, FİFA tərəfindən rəsmi olaraq təsdiqlənmiş “Conext25 Pro” xüsusi hazırlanmış, keyfiyyətli polietilen materialından istehsal edilib.

Ötən il Premyer Liqada istifadə edilən, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe” gələn mövsüm I Liqa klublarının ixtiyarında olacaq. Alman dilindən tərcümədə “futbol sevgisi” mənasını verən “Fussballiebe”nin üzərində - turnirin loqotipinin ətrafında iştirakçı ölkələrə işarə edən qırmızı, göy, yaşıl və narıncı rənglər təsvir edilib.

Həmçinin Almaniyada baş tutmuş yarışda matçların keçirildiyi 10 şəhərin adı və stadionların illüstrasiyası əks olunub.

Bu top bioloji əsaslı materiallardan hazırlanıb. Sürətli və dəqiq oyuna imkan yaradan yüksək aerodinamikaya malikdir. Üst təbəqə sabit və ikiqatlı xarici qabığı ilə ekoloji cəhətdən təmiz və təbii rezindən ibarət mərkəzi hava kamerası, müasir “CTR-CORE” ilə dəstəklənir. Top həm meydanda, həm də meydandan kənarda geniş şəkildə tədqiq edilib və sınaqdan keçirilib.

II Liqa komandalarının üzvləri isə “Adidas Tiro Pro”nu “qovacaqlar”. Onlara bu toplar hədiyyə ediləcək. “Adidas Tiro Pro” futbol topu ən yüksək FİFA reytinqli, ənənəvi 32 lövhəli dizayna malikdir.

İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.