“Liverpul” azərbaycanlı “Aleks Ferqyuson”a qarşı” - Qurban Qurbanov "The Guardian"da

“Liverpul” azərbaycanlı “Aleks Ferqyuson”a qarşı” -  Qurban Qurbanov "The Guardian"da

Məşhur “The Guardian”da bu mövsüm UEFA Çempionlar Liqasında uğurla çıxış edən "Qarabağ" haqda yazı dərc olunub.

"Mediasport" xəbər verir ki, nüfuzlu ingilis nəşri yazıya “Tələbkar və uğurlu məşqçi - “Liverpul” azərbaycanlı “Aleks Ferqyuson”a qarşı” başlığını qoyub.

Məqalədə Azərbaycan çempionunun Qurban Qurbanovun başçılığı ilə bu mövsüm Avropaya səs salmasından geniş bəhs edilib.

Bildirilib ki, komanda ölkə futbolunu dünyaya tanıdıb:

“2008-ci ilin yayını xatırlayırsınız? Məhz o zaman Pep Qvardiola “Barselona”nın əsas komandasının baş məşqçisi təyin olunmuş, Yürgen Klopp Dortmund “Borussiya”sına gəlmiş, “Çelsi” isə Luis Felipe Skolarini bu vəzifəyə dəvət etməklə riskə getmişdi.

Həmin ildən indiyədək London klubu 12 baş məşqçi dəyişib. Bu gün “Liverpul”la qarşılaşacaq “Qarabağ”ın isə 2008-ci ildən bəri cəmi bir çalışdırıcısı olub: azərbaycanlı Aleks Ferqyuson kimi də tanınan Qurban Qurbanov”.

Yazıda “Qarabağ”ın Qurban Qurbanovun başçılığı altında beynəlxalq turnirlərdə yaxşı nəticələr qazandığı, avrokuboklarda müntəzəm iştirak etdiyi və 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardığı qeyd olunub:

"Turnir cədvəlində 18-ci pillədə qərarlaşan komandanın bu yolda növbəti sınağı “Enfild”də “Liverpul”a qarşı olacaq. Azərbaycan çempionu pley-off mərhələsinə vəsiqə qazanmaq şansını qoruyur".